Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Respublikamız dünyanın bir çox dövlətləri ilə sıx əlaqələrə malikdir. Bildiyimiz kimi ölkəmizin xarici siyasətində türkdilli dövlətlərlə münasibətlərin daha da genişləndirilməsi xüsusi önəm kəsb edir. Bu mənada Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Qazaxıstan Respublikasıdır. Hazırda iki ölkə arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında qarşılıqlı-faydalı münasibətləri möhkəmləndirən faktorlardan biri də tərəflər arasındakı sıx təmaslar və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır.
Azərbaycanla Qazaxıstan arasında tərəfdaşlığa əsaslanan sıx əməkdaşlıq əlaqələri müxtəlif sahələri əhatə edir. Ölkələr arasında diplomatik əlaqələrin əsası 30 avqust 1992-ci il tarixində qoyulub. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb.
Strateji tərəfdaş olan Azərbaycanla Qazaxıstan dövlətləri beynəlxalq arenada əməkdaşlıq əlaqələri çərçivəsində qarşılıqlı-faydalı şəkildə fəaliyyət göstərir və bir-birilərini dəstəkləyirlər.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkələr bir sıra formatlarda, o cümlədən, türkdilli dövlətlərin toplantısı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. formatlarda çox uğurla əməkdaşlıq ediblər. Eyni zamanda, Ümummilli Liderin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində bu əməkdaşlıq daha strateji və intensiv xarakter alıb.
Məlumdur ki, cari ilin mart ayının 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub. Həmin gün Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib.
Hər iki dövlət başçısı martın 12-də Füzuli rayonuna gələrək şəhərin Baş planı ilə tanış olublar. Səfər çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə ətraflı məlumat verildi.
Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Qazaxıstan Prezidenti söylədiyi bütün fikirləri ilə qardaşlığımızı bir daha bəyan etdi: “Mədəni–humanitar sahədə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə böyük diqqət yetiririk. Burada Qazaxıstan mədəniyyət günləri böyük müvəffəqiyyətlə keçirildi. Dünən səmimi qəbula görə minnətdarlığımı bildirdim. Azərbaycanın mədəniyyət xadimlərini Qazaxıstanda gözləyirik”.