Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Tarixi inkişafın bütün mərhələlərində qadın insanlığın mövcudluğu və inkişafı yolunda xüsusi rol oynamışdır.
Hər bir xalqın mədəniyyətində qadınların yeri və rolunu məhz qadınların özləri müəyyənləşdirir. Tarix boyu Azərbaycan qadını kişilərlə çiyin-çiyinə Vətənin keşiyində dayanmış, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmışdır. Sözsüz ki, xalqımızın maarif və mədəniyyətinə, ədəbiyyat və incəsənətinə misilsiz töhfələr vermiş qadınlarımızın sayı sayıla bilməyəcək qədər çoxdur. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini veriblər.
Bu gün qadın hüquqları Azərbaycanda daim diqqət məkəzindədir. Müstəqilliyimizin erkən dövründə Azərbaycanın Beynəlxalq Konvensiyalara qoşulması ilə ölkəmizdə bu hüquqların qorunması naminə yeni dönəm başlamışdır. Şübhəsiz ki, bu dönəm Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə o, qadın problemini diqqət mərkəzində saxlamışdır.
Azərbaycan qadınına verilən ən yüksək dəyər Ulu Öndərin qiymətli kəlamlarında öz ifadəsini tapmışdır: “Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir.”
Azərbaycan qadını bu gün həyatın bütün sahələrində fəal iştirak edir. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyeva bunu təsdiq etmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycanda qadın hərəkatının inkişafı həyatın bütün sahələrində qanunvericlikdə aparılan islahatlarla üst üstə düşüb. Ölkəmizdə qadın hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb və tam həcmdə fəaliyyət göstərir.
Ölkəmizin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 14 yanvar 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalanmışdır.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib.
Ümummilli Liderin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etmişdir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb.
Bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun qəbul olunmuşdur. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmişdir. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir.
2023-cü ildə ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilən Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. Qurultayın keçirilməsi ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması baxımından əhəmiyyətli rol oynadı.
Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımının xidmətlərini xüsusi vurğulamaq lazımdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizim və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsiyyətində öz parlaq təcəssümünü tapır.
Bu gün Azərbaycan qadını Mehriban xanım Əliyevanın timsalında bir etibarlı dayaq görür, problemlərinə – mənəvi, ruhi, maddi ehtiyaclarına məlhəm qoyan, yardım edən çox doğma, munis Azərbaycan qadının varlığına güvənir.
Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.