Cavid Bağırzadə,
YAP Gəncə şəhər təşkilatının 4 saylı (Gəncə Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent
1992-ci ilin martında Azərbaycanın NATO ilə münasibətlərinin əsası qoyulmuşdur. Elə həmin vaxtlar Azərbaycan bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulmuşdur. Sonrakı mərhələdə Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur.
Azərbaycanın NATO ilə münasibətləri və əməkdaşlığı Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədi həyata keçirilmişdir. Azərbaycan 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına əsasən 2005-2007-ci illərdə I dövr, 2008-2010-ci illərdə II dövr, 2012-2013-cü illərdə III dövr, 2014-2016-cı illərdə IV dövr və 2017-2019-cu illəri əhatə etməklə V dövr sənədlərini uğurla bitirməklə üzərinə düşən vəzifəsini icra etmişdir.
Vətən müharibəsi və Antiterror Əməliyyatından sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyin bərpa edilməsindən sonra Cənubi Qafqazda yeni geosiyasi vəziyyət formalaşmışdır. Beynəlxalq hüquqa uyğun olaraq yeni geosiyasi reallıqlarə bərqərar edən Azərbaycan Avrasiya regionunda etibarlı tərəfdaş olmaqla bərabər, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçısı kimi də çıxış etməkədir. Digər tərəfdən də hərbi-siyasi gücü get-gedə artan Azərbaycan müxtəlif beynəxlaq və regional təşkilatlarda mühüm rol oynayır. Martın 17-də NATO Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan-NATO münasibətlərinin tarixinə toxunaraq bildirmişdir ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.
NATO Baş katibi Yens Stoltenberq ölkəmizin Avropa ölkələri, o cümlədən də NATO ölkələri ilə münasibətlərinə diqqət çəkərək qeyd etmişdir ki, Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıram və ölkənizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunam. Beləliklə, Siz cəmiyyətlərimizin güclənməsində mühüm rol oynayırsınız. Mən, həmçinin NATO-nun Baş katibi kimi burada, Bakıda olmağımdan məmnunam. Çünki Siz də qeyd etdiyiniz kimi, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. Biz uzun illərdir bir yerdə çalışırıq. Biz Kosovoda KFOR qüvvələrimizə verdiyiniz dəstəyi çox yüksək dəyərləndiririk, o cümlədən təbii ki, Prezident olduğunuz dövrdə Əfqanıstanda missiyamıza uzun illər verdiyiniz töhfə çox vacib idi. Siz tam haqlısınız. Əfqanıstanı tərk edən ən sonuncu qüvvələrdən biri Azərbaycan hərbçiləri olub. Çünki Siz hava limanının mühafizəsinə görə cavabdeh idiniz və bu, NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi. Beləliklə, bu göstərir ki, tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir.