Şahmar Həsənov,
Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Multikultural dəyərlərin, tolerantlıq ideyalarının əsrlər boyu nümunəvi daşıyıcısı olan Azərbaycanın son onilliklərdə bu sahədəki aktiv fəaliyyəti bütün dünyanın diqqət mərkəzindədir və hər kəsə örnəkdir. Əlbətdə ki, bu siyasətin və əvəzsiz modelin tətbiqi Ulu Öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin fəaliyyəti ilə səx bağlıdır. Onların həyata keçirdiyi siyasət Azərbaycanı multukultural ideyalarla daim yaşayan sülhsevərlər ölkəsinə çeviribdir. Yerləşdiyimiz coğrafi məkan, yaşadığımız tarixi proseslər Azərbaycan ərazilərində, multikultural ideaların və tolerantlıq vərdişlərinin daim əsas prioritetlərdən olduğunun göstəricisidir.
Azərbaycanda multikulturalizm ideyalarının meydana gəlməsinə səbəb olan amilləri tarixi, coğrafi və subyektiv faktorlara bölünür. Tarixi amil Azərbaycan multikulturalizminin formalaşmasında çox vacib rol oynamışdır. Özü ilə fərqli mədəniyyətlər daşıyan böyük imperiyaların tarixin müxtəlif mərhələlərində Azərbaycanın ətrafında yaranması, onların Azərbaycan ərazilərini işğal etməsi, uzun illər bölgədə hökmran olması, ən əsası, hər birinin öz mədəniyyətini, dilini, dinini və adətlərini aşılamağa çalışması Azərbaycanda çoxmədəniyyətli mühitin formalaşmasına səbəb olmuşdur. Həmin imperiyalarla bərabər Azərbaycana gələrək burada məskunlaşmış müxtəlif xalqlar, etnik quruplar, milli azlıqlar, din və təriqət xadimləri təqiblərə və ayrı-seçkiliyə məruz qalmadan Azərbaycan ərazilərində yaşamış və sərbəst fəaliyyət göstərə bilmişdilər. Onlara, Azərbaycanda titul xalq olan Azərbaycan türkləri tərəfindən daim dözümlülük nümayiş etdirilmiş, dillərinə, dinlərinə və mədəniyyətlərinə toxunulmamışdır. Bu göstəricilər də zamanla Azrbaycanda, özündə müxtəlif elementləri əks etdirən vahid multikultural Azərbaycan mədəniyyətini formalaşdıran faktora çevrilmişdir.
Azərbaycanın olduqca əlverişli coğrafi ərazidə yerləşməsi də, burada multikulturalizmin formalaşmasına səbəb olan amillərdəndir. Şərqlə qərbin, cənubla şimalın kəsişdiyi ərazidə yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarışdığı məkandır. Tarixi təcrübəyə əsaslanaraq demək olar ki, belə ərazilərdə yerli xalqlar müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələri ilə qarşılaşaraq onlarla iqtisadi,ticarət və mədəni əlaqələrini inkişaf etdirmişlər. Əlbəttə ki, belə amillər zəngin multikultural mühitin formalaşması üçün əlverişli şərait yaradır. Azərbaycan əraziləri də, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin kəsişdiyi nöqtədə yerləşir. Buradan əsirlərlə qədim İpək Yolu keçmişdir, Azərbaycanın belə bir əlverişli coğrafiyada yerləşməsi onun etnik-mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi formalaşmasında və inkişafında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan cəmiyyətinin multikultural cəmiyyət kimi formalaşmasında üçüncü amil ölkəni idarə edən dövlət xadimləri və xalq nəzərdə tutulur. İdarə etmə üçün olduqca mürəkkəb coğrafi və siyasi məkan hesab olunan Azərbaycan ərazisi tarixin müxtəlif mərhələlərində məharətlə idarə olunmuş, etnik və dini zəmində ciddi münaqişələr baş verməmişdir. Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənmişdir. Məsələn AXC-zamanında Bakı dünyanın ən çoxmədəniyyətli şəhərlərindən biri olmağına baxmayaraq etnik, dini və mədəni zəmində əhali arasında qarşıdurma, münaqişə müşahidə olunmamışdır. Parlamentdə ölkədə yaşayan bir neçə xalqın nümayəndəsi deputat kimi təmsil olunurdular. Bəzi milli azlıq və siyasi təşkilatlar da AXC parlamentində fəaliyyət göstərirdilər. Milli azlıq nümayəndələri hökümətin tərkibində də iştirak edirdilər.
1991-ci ilin 18 oktyabrında müstəqillik bərpa edildikdən sonra ölkədəki multikultural mühit daha da yaxşılaşdı. Xüsusilə, 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyev xalqın böyük istəyi və təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda multikultural mühit təmamilə yenilənərək daha da təkmilləşdi. Ölkədə tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaradıldı, etnik-mədəni müxtəlifliyin qorunması istiqamətində mühüm addımlar atıldı. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan multikulturalizmi artıq dünya nümunəsinə çevrilibdir.