Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı (Azərbaycan Dövlət Aqrar Universiteti) ərazi partiya təşkilatının sədri,
ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib. Dövlət başçısı İraq Prezidentinin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmnuniyyətlə xatırladı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. Onu da qeyd etmək lazımdır ki, 1992-ci il 2 yanvar tarixində İraq Azərbaycanın müstəqilliyini tanıyıb.30 mart 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1992-ci ildə Sovet İttifaqı dövründəki İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılıb. 20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycanın səfirliyi fəaliyyətə başlayıb.Azərbaycan ilə İraq arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. 18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M.Bərzani ilə görüşmüşdür. Dövlət başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını dedi. İraq Prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğuladı, səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirdi. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulandı, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edildi. Söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirildi. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” adlı sənədlər imzalandı. Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ölkələr arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlıqda yeni səhifə açacaq.