Kamran Abbasov,
YAP Gəncə şəhər təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına icra başçısı təyin edərkən dövlətin həyata keçirdiyi inkişafyönümlü siyasətin rayonlarda işlərin daha yaxşı getməsi istiqamətinə yönəldiyini və bunun üçün ictimai nəzarətin vacib olduğunu qeyd edib. Görüş zamanı ölkə Prezidenti icra başçılarının fəaliyyətlərində ictimai nəzarətin vacibliyinə xüsusi ilə diqqət çəkib.
Azərbaycanın hər bir bölgəsi ölkə Prezidentimizin diqqət mərkəzindədir. İclasda səsləndirilən hər bir fikir bütün regionlara aiddir. Respublikamızın regionlarında sosial-iqtisadi durumun daha da yaxşılaşdırılması, şəhər və rayonlarımızın inkişafının təmin edilməsi dövlət başçımızın müxtəlif vaxtlarda imzaladığı Azərbaycan Respublikası regionlarının müvafiq dövrlər üzrə sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət proqramlarına əsasən həyata keçirilir. Məhz Dövlət proqramları əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlərin nəticəsi olaraq respublikanın bütün şəhər və rayonları müasirləşir, abadlıq-quruculuq işləri həyata keçirilir, böyük infrastruktur layihələri icra edilir, yeni iş yerləri yaradılır, nəticə etibar ilə vətəndaşların sosial rifahının yüksəldilməsində tərəqqiyə nail olunur.
Yeni təyin edilmiş icra başçılarının rayonların inkişafı ilə bağlı təşəbbüs göstərmələrinin əhəmiyyətindən danışan Prezident cənab İlham Əliyev bəzi hallarda yerli icra orqanlarının dövlət tərəfindən layihələrin icrasını gözlədiklərini, yaxud sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürüldüyünü vurğuladı: “Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları”.
Dövlətimizin bütün istiqamətlər üzrə həyata keçirdiyi siyasət Azərbaycan xalqının rifah halının yaxşılaşmasına hesablanıb. Aparılan uğurlu siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq nüfuzu daha da güclənir. Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığımız bütün uğurlar Azərbaycan cəmiyyətində həmrəyliyi təmin edib. Xalqımız dövlətimizin başçısının ətrafında sıx birləşərək həyata keçirilən xarici və daxili siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da Azərbaycanın böyük uğurlar əldə edəcəyinə əmindir.