Azad Bayramov,
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, YAP Gəncə şəhər təşkilatının 3 saylı (Azərbaycan Dövlət Aqrar Universiteti) ərazi partiya təşkilatının sədri
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycanın yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimi alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı mühüm rol həm də neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Prezident İlham Əliyevin ulu öndərin müəllifi olduğu neft strategiyasını uzaqgörənliklə, qətiyyətlə davam etdirməsinin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi Ərzurum qaz kəmərlərinin çəkilişinin başa çatdırılmasından sonra karbohidrogen ehtiyatların nəqli ilə bağlı bütövlükdə Xəzər hövzəsində tamamilə yeni vəziyyət yarandı. Yəni Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başladı.
Son illər ölkəmizdə enerji təhlükəsizliyi məsələlərinin həlli ilə bağlı geniş tədbirlər həyata keçirilmişdir. Artıq Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda, Avropada mühüm rol oynayır. Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmiz xaricə neft, neft məhsulları, təbii qazla yanaşı, elektrik enerjisi də ixrac edir. Sevindirici haldır ki, ixracın coğrafiyası getdikcə genişlənir və dünya bazarına çıxarılan bu strateji məhsulların həcmi getdikcə artır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib.
Bakı Expo Mərkəzində təşkil olunan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin girişində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi nümayiş olunmuş, eyni zamanda yaşıl enerji layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpa olunan enerji mənbələri üzrə pilot layihələri, habelə 2022-ci il ərzində rekultivasiya edilmiş ərazilər, şirkətin karbon emissiyasının azaldılması istiqamətlərində gördüyü işlər barədə informasiyalar təqdim olunub.
Sevindirici haldır ki, ölkəmiz enerji təhlükəsizliyi məsələsində mövcud vəziyyətlə kifayətlənməyərək neft-qaz təchizatı marşurutlarının şaxələndirilməsi ilə bağlı yeni təşəbbüslərlə çıxış edir, səslənən mütərəqqi təklifləri hər zaman dəstəkləyir, xüsusən Avropa İttifaqının enerji təhlükəsizliyinə yeni töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edir.