Şahmar Həsənov,
Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri
Son on illiklərdə planetimizin ekoloji vəziyyətinin həyəcan təbili çalacaq dərəcədə gərginləşməsi dünya ölkələrini bu mövzuda ciddi addımlar atmağa vadar edir. Azərbaycan dövləti də bu sahədə həyata keçirtdiyi tədbirlərlə dünya ekosisteminə fayda verən ölkələr sırasındadır. 26 oktyabrda Qaradağ Günəş Elektrik stansiyasının istifadəyə verilməsi buna ən böyük misaldır.
Son illərdə Azərbaycanda bu istiqamətdə həyata keçirilən layihələri nəzərə alaraq demək olar ki, Azərbaycan etibarlı və vacib “yaşıl enerji” təminatçısı olmaq yolunda daha bir böyük layihəni işə saldı. Oktyabrın 26-da regionda ən böyük günəş elektrik stansiyası olan və 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Əlbəttə ki, bu hadisə Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə ölkəmizin qeyri-neft sektoruna yatırılan ən böyük xarici investisiyalardan biri olmaqla, Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi istiqamətində atılan mühüm bir addımdır. Eyni zamanda, ölkəmizdə “yaşıl enerji”nin inkişafı və tətbiqi digər iqtisadi, ekoloji və sosial məqsədlərlə uzlaşaraq onu yeni iqtisadi sistemin fundamental parçalarından birinə çevirəcək. Bu layihələr bir tək Qaradağla kifayətlənmir imzalanmış müqavilələrə baxsaq görürük ki, yaxın illərdə Neftçala, Biləsuvar, Abşeron rayonları eyni zamanda Qarabağ iqtisadi zonası və Azərbaycanın bir sıra başqa rayonlarında da “yaşıl enerji” layihələrinin həyata kemirilməsi nəzərdə tutulur.
Bu tipli layihələr enerji mənbələrinin diversifikasiyasına və digər yanacaq növlərindən asılılığı azaltmaqla ölkəmizin enerji təhlükəsizliyinin artmasına səbəb olacaq. Bu da Azərbaycanın gələcəkdə baş verə biləcək enerji böhranlarına qarşı həssaslığını minimuma endirəcək. Bərpa olunan enerji mənbələri günəş işığı və külək kimi sərbəst resurslara əsaslandığından sabit və proqnozlaşdırıla bilən əməliyyat xərclərinə malikdir. Bu, enerji qiymətlərinin sabitləşməsinə, istehlakçıların və müəssisələrin enerji qiymətlərinin dəyişməsinə qarşı həssaslığını azaltmağa kömək edəcək eyni zamanda, Azərbaycanı gələcəkdə “yaşıl enerji” ixracatçısına çevirəcək.