Azad Bayramov,
ADAU-nun İctimai Fənlər kafedrasının müəllimi, YAP Gəncə şəhər təşkilatı 3 saylı ərazi partiya təşkilatının sədri
AŞPA 1949-cu ilin 10 avqustunda yaradılıb və əsas fuksiyası Avropa Şurasının parlament qolunu yerinə yetirməkdir. Həmin funksiya Avropa İttifaqı, Avropa Şurası və AŞPA-nın özünün rəsmi sənədləri ilə müəyyən olunub. Sənədlərə görə, AŞPA insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini müdafiə etməlidir. Hamımıza məlumdur ki, AŞ-yə 46 dövlət üzvdür. və bunların sayı dəyişə bilir. Üzv dövlətlərin milli parlamentlərini təmsil edən 306 deputat Assambleyanı təşkil edirlər. Nazirlər Komitəsi ilə birlikdə AŞ-nin iki qanuni orqanından biri AŞPA-dır. Bunlarla yanaşı, Assambleya ədalət, hüquq və qəbul edilmiş qaydalar əsasında AŞPA hökumətlərini bir sıra məsələlərdə dialoq vasitəsi ilə monitorinq edə bilər. AŞPA AŞ ilə birlikdə Aİ-nin büdcəsini təsbit edər. Eyni zamanda, Aİ adına xarici müqavilələr imzalayır.
2005-ci il yanvarın 25-də AŞPA Azərbaycanın işğal olunmuş ərazisindəki situasiya ilə əlaqəli sənəd qəbul etmişdir. Sənədi AŞPA-nın siyasi məsələlər üzrə komissiyası hazırlamışdır. Orada qeyd olunurdu ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaqla tanınmışdır. Qətnamədə göstərilir ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağı işğal etmişlər və separatçılar oraya nəzarət edirlər. Bölgədə etnik təmizlənmə aparılmış və monoetnik mühit yaranmışdır. Nəhayət, sənəddə vurğulanırdı ki, vəziyyətdən çıxış yolu BMT-nin məlum 4 Qətnaməsinə əməl etməkdədir. Və işğal olunmuş bütün ərazilərdən silahlı qüvvələr çıxarılmalıdır.
Sözsüz ki, Azərbaycan Respublikasının Parlamenti bu sənədə reaksiya vermişdir. 2005-ci il iyunun 17-də Milli Məclis AŞPA-ya Müraciət qəbul etmişdir. Həmin Müraciətdə deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi tələb edir ki, qondarma “Dağlıq Qarabağ respublikasının parlamenti”nə “seçkilər” keçirilməsi qətiyyətlə pislənilsin, Avropa Şurasına daxil olan ölkələrin rəsmi nümayəndələrinin bu “seçkilər”də müşahidəçi qismində iştirakı Avropa Şurasının prinsiplərinə zidd olduğundan, yolverilməz hesab edilsin. Azərbaycan Respublikasının parlamenti Avropa Şurasının Parlament Assambleyasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinə kömək etmək üçün səylərini artırmağa çağırır”. Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin qəbul etdiyi sənəddə hüquqi və siyasi baxımdan prinsipial əhəmiyyət kəsb edən məqamlar vardır. Birincisi, Milli Məclis AŞPA-nın “Dağlıq Qrabağ regionu” kimi süni ifadəsinə bilərəkdən reaksiya vermir. Əslində münaqişəni Azərbaycanın ərazi bütövlüyünün bərpası kontekstində həll etmək lazımdır. Bu mənada AŞPA-nın özünün qəbul etdiyi beynəlxalq hüquq normalarını pozmasını sülh naminə arxa plana atmışdır. İkincisi, diqqət edək, Azərbaycan tərəfi AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatları xəbərdar edir: qanunsuz və qondarma bir terrorçu, separatçı “rejimin” “seçki şousu”nu dolayısı ilə real seçki kimi təqdim etməyə çalışmayın! Bu, AŞPA da daxil olmaqla bütövlükdə AŞ-nin prinsiplərinə ziddir.
Nəhayət, müraciətdə Azərbaycan tərəfi münaqişənin sülh və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təsbit və təsdiq edir! Yəni, bu qədər haqsızlıq, hüquqsuzluq, ədalətsizlik olduğunu çox gözəl bildiyinə baxmayaraq, Azərbaycan Respublikası dövləti yenə də məsələni danışıqlarla həll etməyə üstünlük verir. Azərbaycan Respublikasının bu humanistliyinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyinə AŞPA necə reaksiya vermişdir? Əlbəttə ki, tam laqeydlik, etinasızlıq və saymazlıq. Çünki, Avropalı siyasətçilərə elə gəlirdi ki, Ermənistanın təcavüzkar olması təbii haqqıdır və Azərbaycanın öhdəliyi isə bu təcavüzə boyun əymək, azadlığından, ərazisindən, qürurundan, ləyaqətindən, cəmiyyət kimi bütövlüyündən və dövlət kimi müstəqilliyindən imtinadır.2020-ci ilin payızına qədər AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatların münaqişə ilə bağlı davranışları bu qənaətə gəlməyə tam əsas verir. Azərbaycan isə səbrlə öz saatını gözləyirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünün bərpası əməliyyatına başladı. Bu isə sözsüz ki, AŞPA və digər yalançı qurumların sanki bostanına daş atılmış kimi oldu. Diqqətlə baxaq,həmin dövrə qədər AŞPA azərbaycanlıların öz yurdlarına qayıtmaları üçün hansı konkret əməli addımı atmışdı? Heç bir addım atmamışdı. AŞPA Xocalıda qətlə yetirilənlərin məsələsini ciddi və konkret nəticəli olaraq hansı iclasında müzakirə etmişdir? Və yaxud Qarabağdan qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı bir konkret proqramı mövcud olmuşdurmu? Bunları da xatırlamırıq! Demokratiya sözdə deyil, hüquqda və əməldə olur! Bir çox qurumların sözündə demokratiklik, əməlində isə aqressivlik, dözümsüzlük, hüquqsuzluq ola bilir. AŞPA-nın 2024-cü ildə bir müzakirəsi üzərində düşünərkən, ağla bu fikirlər gəlir. Qurumun qəbul etdiyi 1416-cı Qətnaməni tam “çeynəyərək”, xəbis, ədalətsiz, tərəfkeşli bir qərar qəbul etmişdir.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib. Bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib. Digər xristian klubu Avropa İttifaqı və Avropa Parlamenti kimi AŞ və AŞPA da Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib.Avropa Şurasının müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrildiyi ortadadır.Azərbaycana qarşı sanksiyalar təklifi ilə almaniyalı deputat Frank Şvabenin çıxış etməsi də təsadüfi deyil. Avropada son vaxtlar Azərbaycana qarşı atılan addımlarda Fransa və Almaniyanın birgə hərəkət etdiyi diqqətdən qaçmamalıdır. Azərbaycana münasibəti artıq düşmənçilik həddinə çatdıran Fransanın bəzi hallarda əsas niyyətini gizlətmək üçün öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması da göz qabağındadır. Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə bu dəfə də Almaniyanı qabağa verib. Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək.