Azərbaycanın xarici siyasətində Balkan regionu prioritet istiqamətlərdən birinə çevrilib. Eyni zamanda, ölkəmiz də bu region üçün xüsusi əhəmiyyətə malikdir. Ötən həftə Slovakiyanın Baş nazirinin və Bolqarıstan Prezidentinin, Azərbaycana səfərləri və əməkdaşlıq haqqında imzalanan sənədlər rəsmi Bakının Avropa dövlətləri ilə müttəfiqlik əlaqələrinin inkişafını göstərir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir hissəsi olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə imkan verəcək və ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da dərinləşməsinə töhfə verəcək.”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə yüksəlib. Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. İndiyədək iki ölkə arasında imzalanan 60-dan çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb.Son dövr Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb. Ticarət dövriyyəsinin əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan Bolqarıstanın əsas qaz ixracatçısıdır və bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır, Bolqarıstanın qaz istehlakının 50 faizini təmin edir.
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan – Yunanıstan və Albaniyadan keçir. Xatırladaq ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib. Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi mərasimi 2022-ci il 30-sentyabr-1 oktyabr tarixində Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində baş tutmuşdu. Həmin mərasimdə iştirak edən dövlətimizin başçısı bu hadisənin əhəmiyyətini vurğulamışdı.
Azərbaycan Prezidentinin Sofiyaya 2023-cü il aprelin 25-də gerçəkləşən işgüzar səfəri zamanı isə hər iki dövlətin başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı keçirilib. Səfər zamanı prezidentlərin təkbətək görüşü də keçirilib və görüşdə ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığı vurğulanıb.
Pərvin Kərimzadə qeyd edib ki, “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması enerji sahəsində əməkdaşlığı daha da gücləndirir. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək
“Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və dinamik inkişaf edəcək”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.