Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
Sivilizasiyalararası əməkdaşlıqda öz imzası ilə seçilən Azərbaycan xoşniyyətli tərəfdaşlar üçün unikal dövlətlər sırasında yer alıb. Ölkə Prezidenti cənab İlham Əliyevin çoxşaxəli, davamlı siyasəti, böyük siyasi iradəsi sayəsində Azərbaycan təhlükəsizlik adasına çevrilib.
Dövlət başçımız cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan X Bakı Qlobal Forumun məhz Azərbaycanda həyata keçirilməsi bir daha təsdiq edir ki, ölkəmiz siyasi-ictimai sabitliyi, sosial rifahı, güclü iqtisadiyyatı, uğurlu xarici siyasəti, reallıqları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
60-dan çox ölkədən 350 nəfərdən çox nüfuzlu siyasi xadimlərin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi X Qlobal Bakı Forumu yenidən dünyaya nümayiş etdirdi ki, Azərbaycan dünyanın siyasi arenasında baş verən məsələlərə təsir göstərmək imkanlarına malikdir.
Nüfuzlu beynəlxalq platforma bəşəriyyətə ünvanladığı vacib, günün nəbzini tutan mesajlarını təhlükəsizlik adasından, dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən fəaliyyətlərə öz töhfələrini əsirgəməyən Azərbaycandan səsləndirdi.
X Qlobal Bakı Forumu bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunu irəli sürərək, ciddi qlobal problemlərin həllini, vəziyyətdən çıxış yollarını axtardı. X Qlobal Bakı Forumun ilk günündə “biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq” söyləyən Prezident cənab İlham Əliyev proqram xarakterli çıxışında bu cür qlobal layihələrin bəşəri əhəmiyyətindən, bu günumüzə, gələcəyə faydasından danışdı.
Azərbaycan xalqının dahi mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz tərəfindən təşkil olunan Qlobal Bakı forumları eyni zamanda simvolik məna daşıyır. 9 əsr zaman axarında xalqımızın mənəviyyatının ayrılmaz parçasına çevrilən Nizami Gəncəvi müdrikliyi və istedadı ilə ümumbəşəri ideyalarının tərənnümçüsü olub. Qədim Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, yaradan, ruhən dünyanı gəzən dahi şəxsiyyətin ədəbi irsi, onun “Xəmsə”si bütün dünyanın sərvətinə çevrilib. Nizami Gəncəvinin Vətəni Azərbaycan bu gün dünyamızın nizamını təhdid edən məsələlərin müzakirə edildiyi məkan kimi diqqət mərkəzindədir.
Beynəlxalq gündəlikdə duran əsas məsələlərdən olan təhlükəsizlik məsələsinə diqqət çəkən dövlətimizin başçısı xüsusilə qeyd edib ki, bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.
Forum çərçivəsində Azərbaycan Ermənistan münasibətləri geniş müzakirə edilib. Qalib ölkə kimi diktə edən tərəf olaraq Azərbaycanın Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışması diqqətə çatdırılıb. Münaqişələrin həllində Azərbaycanın sülh quruculuğundakı təcrübəsindən bəhs edən Prezident cənab İlham Əliyev bildirib ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.
Qalib Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövləti kimi dünyanın siyasi arenasında öz dəst-xəti ilə seçilir. X Qlobal Bakı Forumu “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusu ilə Qalib Azərbaycandan bəşəriyyəti beynəlxalq əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verməyə çağırıb.