Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini inkişaf etdirdiyi ölkələrdən biri Almaniyadır. Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edərək, yeni mərhələyə qədəm qoymuşdur. Bu gün dövlətlər arasındakı siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur.
Sözsüz ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir.Bu gün Almaniya ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
2024-cü ilin aprel ayının 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.
Görüş çərçivəsində cənab Prezident xüsusilə Almaniya Kansleri Olaf Şoltsa COP29-un ölkəmizdə təşkil olunması istiqamətində verdiyi dəstəyə görə təşəkkür etmiş və COP29-la əlaqədar iki dövlət arasında uğurlu əməkdaşlıq və heyətlər arasında görüşlərin önəmi xüsusi vurğulanmışdır.Dövlət başçımızın səfəri çərçivəsində “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı ölkəmizdə keçiriləcək COP29-a hazırlıq prosesi kimi qiymətləndirilir. Prezidentimiz cənab İlham Əliyev“Petersberq İqlim Dialoqu”nda etdiyi çıxışında Azərbaycanın bərpa olunan enerji potensialı, iqlim dəyişikliklərinə qarşı verdiyimiz töhfələrlə bağlı məsələləri nəzərə çatdırmış və dövlətimizin COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə etdiyi uğurlu ev sahibliyindən bəhs etmişdir.
Cənab Ali Baş Komandan İlham Əliyev görüşdə qeyd etdi ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.
Həmçinin danışıqların gedişində sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində iki ölkə arasında birbaşa danışıqlarda əldə edilmiş nəticələr qeyd olunub.
Dövlətimizin başçısı cənab İlham Əliyevin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm əhəmiyyət daşıyır. Heç bir şübhə yoxdur ki,bu səfər Cənubi Qafqazda sülh və əməkdaşlığın formalaşmasında yeni bir təkan olacaq.Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, bu səfər zamanı keçirilmiş görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycan və Almaniya dövlətləri arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.