Azərbaycan Texnologiya Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə. Universitetin şəhid məzunlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə tər qərənfillərdüzüblər. Tədbir iştirakçıları onların timsalında Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad ediblər.
Akt zalında təşkil olunan dəyirmi masa şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifələrdən olan Qanlı Yanvar hadisələrini insanlığa qarşı törədilmiş qatı cinayət adlandırıb. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən, günahsız insanların müxtəlif silahlarla qətlə yetirilməsindən söhbət açaraq, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını bildirib. Rektor qeyd edib ki, 27 il əvvəl baş verən və tarixə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hadisələr keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qara səhifə olaraq qalacaq. Professor Akif Süleymanov 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.
Tədbirdə çıxış edən natiqlər 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş faciənin nəticələrindən danışıb. Qeyd edilib ki, xalqımızın yaddaşına tarixi salnamə kimi daxil olan 20 Yanvar şəhidlərinin qanı ilə Azərbaycanın müstəqilliyinə doğru yol açılıb. Faciədən bir gün sonra Ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, cəsarətlə Sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazla dolu bəyanat səsləndirib. Günahsız və silahsız vətəndaşlarımızın milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxmasına ilk dəfə hüquqi-siyasi qiymət də Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib.
Sonda tələbələr 20 Yanvar faciəsi ilə bağlı bədii qiraət nümunələri səsləndiriblər.
Hicran Məmmədova