Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Mədəniyyətin qorunması xalqınmilli-mənəvi dəyərlərinin, iqtisadi və sosial inkişafının, xalqın mənəvi sağlamlığını və rifahının möhkəmləndirilməsini, habelə milli və klassik mədəniyyət nümunələrinin təbliğini və birliyini təmin edir. Xoşbəxtlikdən, xalqımız milli-mənəvi dəyərlərini qoruyaraq, bu günə qədər çatdıra bilmişdir. Sözsüz ki, dövlətimizdə mədəniyyətin dirçəlməsi və ona göstərilən qayğı birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mədəniyyəti xalqın tükənməz sərvəti hesab edirdi. O, mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşırdı.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan mədəniyyəti sürətli inkişaf yoluna qədəm qoymuşdur.Dövlət başçımızın mədəniyyətimizə göstərdiyi diqqətin bir nümunəsi də görkəmli sənət adamlarının yubileyləri ilə bağlı xüsusi sərəncamlar imzalamasıdır. Həmçinin,bu gün yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəsssiələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir.
Sentyabrın 30-da uzun illərdir ki, insanların qəlbində yaşayan, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgəri yaddaşlarda əbədiləşdirəcək abidənin açılışı paytaxt şəhərdə baş tutdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və oğlu Heydər Əliyev Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər. Cənab Prezidentin tədbirdə etdiyi çıxışda bir sıra əhəmiyyətli tarixi faktlar vurğulanmış və bu abidənin açılışına ayrılan diqqət açıq-aydın ifadə olunmuşdur: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidəbütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsəkəndində buna oxşar mərasim keçirəcəyik.”
Azərbaycanda Ulu Öndər siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin atdığı addımlar sayəsində mədəni dəyərlərimiz günü-gündən daha da tərəqqi etməkdədir. Bu gün Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasətin nəticəsidir ki, respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır.