Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun hərbi gücü sayəsində illərlə düşmən işğalı altında qalan torpaqlar əsl sahiblərinə qaytarıldı.
Üç il əvvəl haqlı olaraq xarici və yerli jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdıqları Ağdam da azadlığına qovuşdu. Ermənistanın işğalından ən çox zərərçəkən rayonlardan olan Ağdam düşmən işğalına qədər Qarabağ bölgəsinin, eləcə də respublikanın inkişaf etmiş şəhərlərindən biri idi. Müzəffər Azərbaycan Ordusu Ağdamı azad edərkən xarabalıqlarla rastlaşdılar. Yaşayış evləri, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar talan edib, dağıdıb, viran qoyulmuşdu. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində xarabalıq, viranəlik qalmışdı.
Artıq ölkə Başçımızın qətiyyəti, cəsarəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları Ağdam yenidən bərpa edilərək dünyanın ən gözəl məkanına çevrilir.
Bu gün Ağdamda Böyük Qayıdışın tərkib hissəsi kimi reallaşan layihələrin şahidi oluruq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ağdama hər səfəri zamanı soydaşlarımızın öz yurd yerlərinə qayıtması üçün zəruri şəraitin yaradılmasına xidmət edən infrastruktur obyektlərinin təməlinin qoyulması, istifadəyə verilməsi Ağdamın necə sürətlə dirçəldiyinin bariz nümunəsidir.
Tezliklə Ağdamın Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində işlərin yekunlaşdırılması nəzərdə tutulub. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub. Müasir Ağdam şəhərinin mərkəzində “Zəfər” və açıq hava altında “İşğal” muzeyləri fəaliyyət göstərəcək. “İşğal” muzeyi məscidin arxasında viran qoyulmuş sahədə yaradılacaq. Həmin ərazidə olan dağıntılar konservasiya olunacaq və olduğu kimi də saxlanılacaq. Muzey erməni vandallığının və acı işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən sönbət açacaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər burada oxuduqları, eşitdikləri işğal tarixinin acı həqiqətlərini öz gözləri ilə görə biləcəklər.
Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik qələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimiz kimi Ağdamın əzəli sakinlərinin də tarixi torpaqlarına əbədi Qayıdışının şahidi olacağıq. Artıq bu gözəl diyarın toy-büsatlı, firavan günləri başlayıb.