Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Gəncə Təcrübə Stansiyası, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Aqrar sahədə innovativ informasiya sisteminin formalaşması və inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan BM və TBETİ-nin direktoru, dosent Vüqar Bəşirov qeyd edib ki,Azərbaycanda hazırda aparılan aqrar islahatlar nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılmasının, məhsuldarlığının yüksəldilməsinin, intensiv əkinçiliyi inkişaf etdirmək üçün geniş potensial imkanları yaranıb. Bu potensial imkanlardan istifadə etmək üçün aqrar sahədə yeni texnologiyaların tətbiqi, elmi-innovativ tədqiqatların aparılması bu gün aktual bir məsələ kimi qarşıya qoyulub. KTN AEİM-nin tabeliyində olan qurumların birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfrans həm alimlərin elmi nəticələrinin bir-biri ilə bölüşməsinə, həm də fermerlerlə qarşılıqlı müzakirə şəraitində innovativ texnologiyaların istehsalatda tətbiqinə təkan verəcəkdir.
Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlova çıxış edərək bu tədbirin aqrar siyasətə uyğunluğunu vurğulayaraq, konfransın işinə müvəffəqiyyətlər arzulayıb. Daha sonra Heyvandarlıq ETİ-nin direktoru Mahir Hacıyev “Heyvandarlıqda embrion köçürmə”, Heyvandarlıq ETİ-nin Arıçılıq Mərkəzinin direktoru A. Seyidov “Süni mayalandırma əsasında arıçılıqda damazlıq işinin təşkili”, BM və TBETİ-nin şöbə müdiri Ə.Tağıyev “Pambıq sortlarının seleksiyası və ilkin toxumçuluğunun təşkili”, Üzümçülük və Şərabçılıq ETİ Gəncə Təcrübə Stansiyasının direktoru M.İsmayılov “Azərbaycanda üzüm tingçiliyininmövcud vəziyyəti və perspektivləri”, BM və TB ETİ-nin şöbə müdiri K.Hüseynov “Bitkilərin mühafizəsində bioloji vasitələrin rolu”, BM və TB ETİ-ninelmi işçisi S.Hüseynova “Aqrar sahədə Coğrafi İnformasiya Sistemlərinin inkişaf istiqamətləri”, BM və TB ETİ-nin direktoru V.Bəşirov “İqlim dəyişiklikllərinə uyğunlaşanağıllı kəndə təsərrüfatı təcrübələri”, Heyvandarlıq ETİ-nin laboratoriya müdiri N.Həsənov “Heyvandarlıqda yem istehsalının problemləri” mövzusunda məruzələr etmişlər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib, müzakirələr zamanı çoxsaylı suallar cavablandırılıb.
Konfransda Gəncə və ətraf rayonlarda yerləşən elmi-tədqiqat institutlarının və universitetlərin alimləri, Yevlax, Goranboy, Samux, Göygöl, Şəmkir, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin (RAEİM) rəhbərləri, mütəxəssisləri, qabaqcıl fermerləri iştirak ediblər.
120-dən artıq iştirakçı qatıldığı elmi-praktik konfransın sonunda alimlərin tədqiqat nəticələrini praktik cəhətdən nümayiş etdirmək məqsədilə mövsümə uyğun olaraq nümayiş təcrübələrinin təşkili, tarla seminarları və s. kimi görüşlərin fermerlərlə mütəmadi keçirilməsi haqqında razılıq əldə edilib.