Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amil, onun milli sərvəti, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni inkişaf səviyyəsi birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur.
Azərbaycan dili tarixən böyük inkişaf yolu keçmiş, zaman–zaman müxtəlif təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlamışdır. Bu dil Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Tarixən dilimiz müxtəlif adlarda türk, azərbaycan türkcəsi , türk-tatar, türki və s. adlarla təqdim edilmişdir. Rəsmi sənədlərdə dövlət dilinin təsdiqi 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra kargüzarlığın türk dilində aparılması haqqında qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. Lakin 1921-ci ildə qəbul olunan Azərbaycan SSR- nin ilk konstitutsiyasında məqsədli və qərəzli şəkildə dövlət dili haqqında maddə əlavə edilmir. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərar qəbul edilir. 1936-ci il konstitutsiyasına görə isə Azərbaycanın dövlət dili türk dili kimi qəbul edilsə də, 1937- ci ildə qəbul olunan əsas qanun dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Lakin buna baxmayaraq bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili kimi qeyd edilirdi.
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Hər dili, ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyildir. Tarix dönə-dönə sübut etmişdir ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə islahatçı və müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə sıx bağlıdır. Bu mənada Azərbaycan dilinin hərtərəfli inkişafı, onun rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol tapması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.1978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, ümummilli lider Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdir. 1992-ci ildə 22 dekabrda verilən fərmanla Azərbaycan Respublikasının dövlət dili öz əski adıyla türk dili adlandırıldı.1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qaydışından sonra bu tarixi ədalətsizliyə də son qoyuldu. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına müstəsna tərəfdar olduğunu bildirdi. 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında Ümummilli Lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı. Xüsusi ilə qeyd etmək lazımdır ki, əlifbaya keçid hər zaman çox mürəkkəb məsələ kimi böyük tarixi bir prosesi əhatə edir. Bilirik ki, ölkəmizdə yeni əlifbaya keçid 2001-ci il 1 avqustunda yekunlaşıb.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən dövlətimizin başçısı İlham Əliyev bu sahələrin inkişafı ilə bağlı mühüm sənədlər imzalamışdır. Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutdu. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Beləliklə, görülən işlərin nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.
Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürülməlidir.