Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbə kollektivi Qəbələdə keçirilən “Tarla günləri” adlı beynəlxalq tədbirdə iştirak edib. Aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən beynəlxalq tədbirin açılış mərasimində 50 yerli və xarici şirkət, o cümlədən 2000-ə yaxın nümayəndə heyəti iştirak edib.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri, təşkilat komitəsinin sədri Əbülfəz Məlikov, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Türkiyənin “Omca Tarım” şirkətinin prezidenti Haqqı Şafak, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvi, akademik İbrahim Cəfərov və başqaları çıxış ediblər.
Onlar Azərbaycanda ilk dəfə olaraq ,“Tarla günləri”nin keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, əsas məqsəd aqrar sektordakı son yenilikləri və imkanları təqdim etməklə yanaşı, istehlakçıları və ixracatçıları bir araya gətirməkdən ibarətdir. Burada əsas üstünlük aqrar sektor üzrə texnologiyaya və sənayedəki yeniliklərə verilib. “Tarla günləri” kiçik və orta sahibkarlığın, xüsusilə fermer və ailə təsərrüfatının inkişafını təşviq edir, biznes subyektləri üçün kənd təsərrüfatı barədə daha dəqiq və daha asan məlumat əldə etmək imkanı yaradır, istehlakçılara aqrar sektorun potensialı haqqında dolğun və ucuz informasiya çatdıra bilir.
Vurğulanıb ki, “Tarla günləri” layihəsi aqrar sahənin inkişafına xidmət edir. Kənd təsərrüfatı ilə məşğul olan hər bir sahibkar layihə çərçivəsində Qəbələ rayonunda ayrılacaq 28 hektar sahədə aprel-oktyabr ayları ərzində əkin, becərmə və biçin işlərini, məhsullarını nümayiş etdirə biləcəklər. Bununla yanaşı, aqrotexnika ilə məşğul olan şirkətlər də öz texnika və avadanlıqlarını təqdim edəcəklər.
Tədbir iştirakçıları kənd təsərrüfatı məhsullarının, bitki dərmanlarının, kənd təsərrüfatı texnikalarının, gübrələrin, qida məhsullarının, şirə və içkilərin, laborator avadanlıqların, heyvandarlıq və bitkiçilik məhsullarının sərgisi ilə tanış olublar.
Ölkəmizdə ilk dəfə olaraq, Quba rayonunda yaradılacaq “Fermer evi”nin maketi də nümayiş etdirilib və bildirilib ki, pilot layihə olan “fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulur. Fermerlər qarşılaşdıqları problemlərin həllini həmin evlərdə tapacaqlar. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək.
Qeyd edək ki, tədbirdə hökumət təşkilatları, xarici ölkə səfirlikləri, ictimai birlik nümayəndələri və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlar iştirak ediblər.
Hicran Məmmədova