Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti (EU) arasında Azərbaycan Respublikasında ali təhsil sisteminin inkişafını və beynəlxalq rəqabətliliyinin artırılmasını dəstəkləmək məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ADAU-EU Beynəlxalq İkili Diplom Proqramı növbəti əhəmiyyətli uğurunu qazanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaydığı məlumata əsasən, bu proqram növbəti 5 il üçün akkreditasiyadan keçməsi məqsədə uyğun hesab edilib. Bu qərar, proqramın beynəlxalq standartlara uyğun olaraq təşkil edildiyini və tələbələr üçün keyfiyyətli təhsil imkanları təqdim etdiyini təsdiq edir.
Proqramın akkreditasiyası Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq miqyasda mövqeyini gücləndirməklə yanaşı, tələbələrə həm yerli, həm də xarici əmək bazarlarında rəqabət üstünlüyü qazanmağa kömək edəcək. ADAU tələbələri bu proqram vasitəsilə iki diplom əldə edərək, innovativ təhsil və praktiki biliklərə yiyələnmə şansı qazanacaqlar.