Azərbaycan Dövlət Aqrar Universitetində Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Bağır Bağırovun rəhbərliyi ilə “Azərbaycan multikulturalizmi” fənni üzrə monitorinq keçirilib.
Monitorinq zamanı fənlərin tədrisinin məqsəd və vəzifələri, tədris prosesinin daim dəyişən reallıqlarla necə uzlaşdırılması ilə bağlı tövsiyələr verilib, dərslərin müvafiq kafedralarda müzakirəsi, fənni tədris edən müəllimlərə metodik tövsiyələrin verilməsi, ali məktəblərin tələbələri ilə “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi” mövzusunda diskussiyalar aparılıb.
Monitorinqin əsas məqsədi “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisinin vəziyyəti ilə tanışlıq, ali məktəbdə fənləri tədris edən müəllimlərlə, tədrisi aparan kafedra əməkdaşları ilə görüşmək, fənnin tədrisinin perspektivləri və onun təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparılması olub.
Sonra Seyfəl Həsənov və Bağır Bağırov Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi ilə görüşüblər. Görüşdə universitetlərdə növbəti semestrdə bu fənlər üzrə tədrisin daha səmərəli təşkili üçün fikir mübadiləsi aparılıb və hər iki universitet arasında əməkdaşlığa dair tövsiyələr verilib.
Cəmilə Kərimova