Müharibə başlayandan Türkiyə olaraq qardaş Azərbaycana və onun xalqına hər sahədə dəstək verməyə çalışırıq.
Bunu Gəncədə jurnalistlərə açıqlamasında Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren bildirib.
O deyib: Gəncə tarixi keçmişi, yetişdirdiyi şəxsiyyətləri ilə çox önəmli şəhərdir. Burada yaşayan insanlar qəhrəman insanlardırlar. Ermənistan Gəncəyə neçə dəfə raket hücumları edib, çoxsaylı dinc insan həlak olub. Mən onların hamısına Allahdan rəhmət diləyirəm. Uşaqlar, yaşlı insanlar qətlə yetirilib. Uşaqlar anasız, atasız qalıb. Mülki vətəndaşlara qarşı qətliamlar qəbuledilməzdir. Azərbaycan dövləti müharibə başlayandan bəri döyüş meydanında mərdliklə, müharibə qaydalarına uyğun mübarizə aparır və işğal olunmuş öz ərazilərini azad edir. Lakin Ermənistan bütün dünyanın gözü önündə terror fəaliyyəti həyata keçirərək, mülki vətəndaşları vurur. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistanın bu qətliamlarına səssiz qaldı, görüntüləri belə paylaşmadı. Bəzi media qurumları bunu xəbər kimi hazırlamadı. Amma eyni şey Ermənistanda olsaydı, yəqin ki, böyük xəbər hazırlayardılar. Dünyada bu məsələdə ikili standart, çox böyük haqsızlıq var. Bu haqsızlığın ortadan qalxması lazımdır. Biz Gəncəyə həm şəhidlərimizi yad etmək, həm də dəstək olmaq üçün gəlmişik. Türk xalqı, diasporu Azərbaycanın haqlı mübarizəsini yaxından izləyir. Azərbaycanın böyük qələbəsinin yaxın olduğunu düşünürük. Hər kəs Azərbaycan üçün dua edir. İnşallah bu müharibədə dost və qardaş Azərbaycan zəfər qazanacaq. Türkiyə də hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.