Millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru, dosent Pərvin Kərimzadə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar” mövzusunda elmi-praktik konfransında iştirak edib.

Beynəlxalq Elmdə Qadınlar Gününə həsr olunan konfransda elmi və ictimai fəaliyyətində uğur qazanan qadın spikerlərin iştirakı ilə elmdə gender disbalansının səbəb və nəticələri, qadınları elmə cəlbetmənin optimal yolları müzakirə edilib. Dünyada və Azərbaycanda qadınların elmdə iştirak səviyyəsini müqayisə edən spikerlər qadınların elmi karyera inkişafına mane olan amilləri araşdırıb, onların aradan qaldırılması məqsədilə təkliflər səsləndiriblər.

Millət vəkili Pərvin Kərimzadə konfransda çıxış edərək, Azərbaycan qadının bütün dövrlərdə elmin inkişafına böyük töhfələr verdiyinə diqqət çəkib. Adlarını tarixə yazan Azərbaycan qadınlarını nümunə çəkən millət vəkili  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai humanitar fəaliyyətindən bəhs edib, onun Azərbaycan elm və təhsilinə göstərdiyi qayğıdan danışıb.