Azərbaycan Texnologiya Universitetinin (UTECA) biznesin təşkili və idarə edilməsi ixtisasının IV kurs tələbəsi Tural Hüseynli Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü Proqramı və ASAN Könüllüləri Təşkilatı “Könüllü” Tələbə təqaüd proqramının ölkə üzrə 22 nəfər qalibindən biri olub. O, qaliblər üçün nəzərdə tutulmuş 3000 manatlıq mükafat fondundan birdəfəlik təqaüd alacaq.

“Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Nadir Adilov tərəfindən yazılan “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına formalaşıb.

Ölkəmizdə nağdsız ödənişlərin təşviq edilməsi məqsədi ilə aparılan işlərə dəstək olmaq üçün birdəfəlik təqaüdlər tələbə-könüllülər üçün xüsusi bank kart hesabına köçürüləcək.

UTECA-nın tələbəsi Tural Hüseynli birdəfəlik təqaüdə Baku 2015 – Avropa Oyunları, İslam Oyunları, Bakı Şəhər Halqası Formula 1, IDEA İctimai Birliyi, ASAN Xidmət, İrəli İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bir” Tələbə-Könüllü Proqramı, Sumqayıt şəhər Məhkəməsi və YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyində könüllülük fəaliyytəinə görə layiq görülüb.