Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində aprelin 11-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinin daha demokratik və şəffaf təşkilinə dəstək məqsədilə təlimlər keçirilib.

Tədbirdə növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər haqqında məlumat verilib, YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində prezident seçkilərinə hazırlığın yüksək səviyyədə getdiyini, növbəti dəfə də seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün ölkəmizdə hər bir şəraitin olduğu qeyd edilib. Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının Təqvim Planına əsasən növbədənkənar prezident seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni fevralın 27-dən martın 12-dək davam edəcək. Seçkiqabağı təşviqatın aparılması isə martın 19-da başlayacaq və aprelin 10-u saat 8.00-da dayandırılacaq. Çıxış edənlər növbədənkənar prezident seçkilərinə vahid və mütəşəkkil siyasi qüvvə kimi hazırlaşan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin uğur qazanacağına səmimi qəlbdən inandıqlarını və seçicilərin yüksək fəallıqlarına əmin olduqlarını bildiriblər.

İşgüzar müzakirələrlə davam edən təlimlərdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.