Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ənənəvi şəkildə vətəndaşları qəbul edir, səmimi söhbətlər aparır, onların problemlərini öyrənir, qısa müddət ərzində bu problemləri aradan qaldırır.
Vətəndaşların növbəti qəbulu da şəhər sakinlərinin istək və arzuların reallaşması, ehtiyacların, problemlərin həll olunması ilə həyata keçib.
Millət vəkilinin, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50-dan çox vətəndaşın müraciəti dinlənilib. Müraciət edənlərin əksəriyyəti şəhid ailələri, müharibə veteranları və Qarabağ əlilləri olub. Əvvəlcə Qarabağ əlillərinin, şəhid ailələrinin müraciətləri dinlənilib, problemlərin həlli üçün müvafiq orqanların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Vətəndaş qəbulunda işlə təminat, fərdi mənzillərin təmirinə və sahibkarlıq fəaliyyətinə dəstək və s. məsələlərlə bağlı problemlər səsləndirilib. Mübariz Heydərov, Məhəbbət Musayev, Elçin Məmmədov, Rəfiqə Süleymanova, Arzu Əliyev, Kamaləddin Əliyev və digərlərinin təklif, müraciət, şikayətləri icra başçısı tərəfindən nəzərə alınıb, onların ehtiyacları qanunvericiliyə uyğun olaraq təmin edilib.
Yüksək və nikbin əhval-ruhiyyədə keçən vətəndaşların qəbuluna yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün gəliblər. Onlar şəhərimizdə gedən abadlıq, quruculuq, insanların güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlıq ediblər. Bildiriblər ki,onlara göstərilən diqqət və qayğı, səmimiyyət, doğmalıq hər kəsi sevindirir. Vətəndaşlar gündən-günə gözəlləşən doğma Gəncədə onlar üçün yaradılan şəraitdən sevinc və qürur duyğularını qeyd ediblər.