Gəncə şəhərində Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib.

Anım tədbirində Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, idarənin kollektivi, ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gəncləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Gənclər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə bağlı muzey əməkdaşlarının verdiyi dolğun məlumatları diqqətlə dinləyərək, muzeydəki eksponatlarla tanış olublar.

Tələbələrə ulu öndər Heydər Əliyevin həyat yolundan, yeni Azərbaycan tarixində misilsiz və silinməz izlər qoyan fəaliyyətindən və bir şəxsiyyət kimi Azərbaycan Respublikasının yaradılması, formalaşdırılması və inkişaf etdirilməsindəki əvəzsiz rolundan bəhs olunub. Həmçinin gənclərin vətənpərvərlik tərbiyəsi alması və bir vətəndaş kimi formalaşdırılması üçün bu cür tədbirlərin vacib olması qeyd edilib.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış keçirilib.