Hər yerdə olduğu kimi, Gəncədə də görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri daim yüksək dəyərləndirilir, əziz xatirəsi böyük ehtiramla anılır.

Dekabrın 12-də səhər tezdən ziyalılar, ağsaqqallar, qadınlar, tələbə-gənclər, şəhərimizin qonaqları axın-axın, əllərində gül-çiçək dəstələri ilə Gəncənin baş meydanına toplaşıblar. Mərasim həzin musiqi sədaları müşayiət edilib, Prezident cənab İlham Əliyevin ulu öndər haqqında söylədiyi fikirlər səsləndiriib, ümummilli liderin sevdiyi, ona həsr olunmuş mahnı və şeirlər səsləndirilib.

Gəncə şəhər İcra Hakimiyyətinn başçısı Elmar Vəliyev, rəsmi şəxslər Ulu öndərin əzəmətli abidəsi önündə ehtiramla baş əyərək, ürəklərində sevgi və rəğbət duyğuları ilə dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.

Sonra izdiham hərəkətə gələrək, sıra ilə hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının kollektivləri abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ardı-arası kəsilməyən izdiham, böyük qələbəlik Ulu öndərin ruhuna əbədi ehtiramın parlaq nümayişi kimi könülləri riqqətə gətirib. Dünyanın Ən Böyük Azərbaycanlısı dahi Heydər Əliyevə dərin məhəbbət bəsləyən gəncəlilər onun müdrik ideyalarını əməllərində və əqidələrndə yaşadır, ölkəmizin, doğma şəhərimizin inkişafına layiqli töhfələr verməklə əziz xatirəsini əbədiləşdirdiklərini, uca tutduqlarını təravətli gül-çiçək dəstələri ilə ifadə ediblər.

Tədbirdə əbədiyaşar dahi şəxsiyyətin nəsillərə örnək həyat yolu, onun şah əsəri sayılan müstəqil Azərbaycanın möhtəşəm nailiyyətləri xatırlanıb, bütün şəhər sakinləri ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, böyük xilaskarın müqəddəs ruhunu ehtiramla yad ediblər.

Ürək sözlərini dinlədiyimiz şəhər sakinləri hədsiz minnətdarlıq duyğuları ilə bildiriblər ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ümummilli lider bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi hər zaman böyük minnətdarlıqla xatırlanacaq. Doğma xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, müstəsna tarixi roluna görə ulu öndəri dünyamiqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Hər bir azərbaycanlı qürur hissi keçirir ki, dahi Heydər Əliyevin bizə əmanət qoyub getdiyi dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderin yetirməsi, yaratdığı güclü siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanır.