Azərbaycan Texnologiya Universitetində xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsi vəfatının 14-cü ilində böyük ehtiramla anılıb. 

ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, tədris korpusunun foyesində yeni yaradılan Heydər Əliyev güşəsi ilə tanışlıq olub. Anım tədbiri daha sonra Heydər Əliyev Məktəbində dəyirmi masa ilə davam edib.Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə ATU-nun rektoru, professor Akif Süleymanov açıb. O, bildirib ki, cismən yoxluğuna  alışa bilmədiyimiz  ötən 14 il ərzində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı Heydər Əliyevin Fəxri xiyabanda uyuyan məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Öz titanik fəaliyyəti ilə müstəqil Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan Heydər Əliyev azərbaycanlı olmasından qürur duyduğu kimi, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da onunla fəxr edir.

Tarixi gerçəklik ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyev  Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, mədəniyyətimizin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməyib.

Dahi  Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb. 80-cı illərin sonu, 90-cı illərin  əvvəllərində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və tarixi fürsətdən bəhrələnmə sayəsində mümkün olub.

1993-cü ilin ortalarında  Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsi ilə üz-üzə qalanda da Heydər Əliyev  xalqın təkidli xahiş və tələblərinə cavab olaraq  yenidən  hakimiyyətə qayıtdı. Müdrik rəhbərimiz dahi uzaqgörənliyi ilə çox ciddi  ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, düşmən təcavüzü, hərbi qarşıdurma ilə üzləşmiş Azərbaycanın parçalanmasının, müstəqilliyinin itirilməsinin qarşısını alaraq  sabitliyi təmin etdi.

Daha sonra çıxış edənlər də qeyd edib ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesi  Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirilir.