Moskvada MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının XII Forumu keçirilir. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Ermənistan və Rusiyadan nümayəndələr iştirak edir. Ölkəmizi tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Milli Məclisin deputatları Elmira Axundova, Naqif Həmzəyev, Pərvin Kərimzadə və digərlərindən ibarət böyük mötəbər nümayəndə heyəti təmsil edir.

Tədbirin açılışında Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

DHƏF-in İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açılış mərasimində çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilova “Birlik ulduzları” mükafatı təqdim edilib.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təsis etdiyi mədəniyyət, incəsənət və humanitar fəaliyyətə görə mötəbər mükafata 2016-cı ilin yekunlarına dair səkkiz nəfərə layiq görülüb. Mükafatı Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets təqdim edib. Fərhad Xəlilov yüksək mükafata görə təşəkkürünü bildirib.

Mükafat alanlar sırasında Belarus Yazıçılar İttifaqının rəyasət heyətinin üzvü, Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru İvan Saverçenko, Qazaxıstanın “Astana-Opera” teatrının direktor müavini Toleubek Alpiyev, Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev, SSRİ Xalq Artisti, moldovalı bəstəkar Yevgeni Doqa, SSRİ Xalq Artisti, görkəmli baletmeyster Yuri Qriqoroviç və başqaları da var.

“Birlik ulduzları” dövlətlərarası mükafat 2009-cu ildə MDB ölkələri Humanitar Əməkdaşlıq Şurası və DHƏF tərəfindən təsis edilib. Elm və təhsil, mədəniyyət və incəsənət, habelə humanitar fəaliyyət nominasiyalarında təqdim olunan mükafata müxtəlif illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, tanınmış bəstəkarlar Aleksandra Paxmutova və Nikolay Dobronravov, dirijor Vladimir Spivakov və başqaları layiq görülüblər.

Forum iştirakçıları “MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsi və dəstəklənməsində humanitar əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparacaq, təhsil və gənclər siyasəti, MDB Dövlət Başçıları Şurasının qərarına əsasən 2018-ci ilin Birlik məkanında “Mədəniyyət İli” elan edilməsinə hazırlıq məsələlərini nəzərdən keçirəcəklər.