Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə partiyanın Yevlax və Mingəçevir şəhər təşkilatları “Hərəmiz bir ağac əkək” kampaniyasına start verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə YAP-ın birgə layihəsi olan ağacəkmə kampaniyası Yevlax rayonu ərazisindəki meşə zolağında həyata keçirilib. Kampaniyada YAP Yevlax və Mingəçevir şəhər təşkilatlarının İdarə Heyəti, Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, ictimaiyyətin nümayəndələri yaxından iştirak ediblər.

Kampaniyanın ilk günündə üç mindən çox nar ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qaydada qulluq olunub. “Hərəmiz bir ağac əkək” kampaniyası Aran regionunda yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək.

Bu kampaniya çərçivəsində ərazidə daha səkkiz mindən artıq ağac əkiləcək.