Gəncə Kitab Klubunun üzvləri bu dəfə yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini müzakirə ediblər. Müzakirə Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Evinin kitabxanasında baş tutub.
Tədbiri giriş sözü ilə Gəncə Kitab Klubunun sədri Ülviyyə Mahmudova açaraq, ölməz yazıçı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında gənclərə məlumat verib.
Gənc kitabsevərlər əsərin baş qəhrəmanı İsgəndərin yaşadığı mühit, mövcud cəmiyyəti əks elətdirən Şeyx Nəsrullah, əsər boyunca kefli İsgəndərin söylədiyi mənalı monoloqlar haqqında geniş müzakirə aparıblar. Gənclər kefli İsgəndərin, Şeyx Nəsrullahın yaşadığı dövrlə müasir dövrü müqayisə edib, bir- birindən maraqlı fikirlər irəli sürüblər.
Müzakirə boyunca “Ölülər” əsərinin eyni sujet xətti ilə çəkilən “O dünyadan salam” adlı filmdən maraqlı video-fraqmentlər nümayiş etdirilib.
Sonda, ənənəyə sadiq qalaraq kitabsevərlər səsvermə yolu ilə növbəti müzakirə üçün Aqata Kristinin “Şərq ekspresində qətl” əsərini seçiblər.