Beynəlxalq Muğam Mərkəzində tarzən, Xalq artisti Fikrət Verdiyevin 70 illik yubileyinə və 55 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə kecirilib. Olaylar.az bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində gerçəkləşib.

Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Fikrət Verdiyevin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, tanınmış tarzənin Azərbaycanın musiqi mədəniyyətində xüsusi yeri var.

Tədbirdə Fikrət Verdiyev ilk olaraq tarda Hacı Xanməmmədovun 2-ci konsertinin 2-ci və 3-cü hissəsini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə ifa  edib. Daha sonra Fikrət Verdiyevin həyat və yaradıcılığına aid video-çarx nümayiş olunub.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas yubilyar haqqında ürək sözlərini tamaşaçılara çatdırdı.

Tədbirdə Xalq artisti Nəzakət Teymurova, Əməkdar artistlər Sevinc Sarıyeva, Almaz Orucova, İlkin Əhmədov,Tünzalə Ağayeva, Babək Niftəliyev, Əməkdar mədəniyyət işçisi aşıq Əhliman, Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov ,mügənnilər Eldəniz Məmmədov, Kamilə Nəbiyeva yubilyarı öz musiqi ifaları ilə təbrik ediblər.

Sonda Fikrət Verdiyev mədəniyyət sahəsinə, xüsusən muğam sənətinin inkişafına göstərdikləri diqqət və qayğiya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.