Gəncədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə təşkil edilib.

YAP Gəncə şəhər Təşkilatının Qərargahında keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin deputatı Musa Quliyev, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan 300-dən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Regional müzakirələrin əsas məqsədi ölkədə həyata keçirilən islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığı və maariflənməni təmin etmək, həmçinin dövlət-özəl sektor dialoqunun güclənməsinə töhfə verməkdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın sürətli inkişafında bölgələrin hər bir rayonu üçün spesifik istehsal sahələri yaradılır. Strateji Yol xəritələrində də bu regionda istehsal potensialının tam reallaşdırılması və dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaqla bağlı tədbirlər öz əksini tapıb.Gəncə-Qazax iqtisadi rayonunun əhəmiyyətinə görə ölkədə ikinci yeri tutduğunu deyən Vüsal Qasımlı vurğulayıb ki, Gəncə, Qazax, Ağstafa əsas nəqliyyat qovşaqları olmaqla yanaşı, həm də Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir.

Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov bildirib ki, son illər Azərbaycanda dərin iqtisadi islahatlar aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Strateji Yol xəritələri hazırlanıb, biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı geniş tədbirlər planı işlənib, eyni zamanda, makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial rifahın yaxşılaşdırılması, maliyyə-bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarla islahat həyata keçirilib. Həmin sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilib.

Milli Məclisin deputatı Musa Quliyev çıxışında Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu bildirib. Həmçinin vurğulayıb ki, Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasəti artıq öz bəhrəsini verməkdədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn “Azərbaycan Respublikasında iqtisadi islahatlar: Gəncə-Qazax iqtisadi rayonunun inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edib.

Ramil Hüseyn qeyd edib ki, ölkə əhalisinin 13,6 faizinin yaşadığı Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının, sənayenin, turizmin, maşınqayırma sənayesinin, qara və əlvan metallurgiyanın inkişaf etdirilməsinin böyük potensialı var.

İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib.

Sonda sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Müzakirələrdə İqtisadiyyat, Vergilər və Kənd Təsərrüfatı nazirliklərinin regional nümayəndələri də iştirak ediblər.