3 gün sonra minlərlə insan dünyanın 5 ən böyük parkı sırasına daxil olan Gəncə şəhər Heydər Əliyev Park-Kompleksinin girişində ucaldılan “Zəfər Tağı”ndan Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” Park-Bulvar Kompleksi, Şah İsmayıl Xətai prospekti boyunca 17 kilometrlik məsafəni qaçaraq “İradənlə tarix yaz” deyəcək.
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan “Gəncə Marafonu –2017”nin icrasını “Sport Marketing Group” şirkəti həyata keçirir. Layihənin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir.“Gəncə Marafonu-2017”nin mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk üç yer uğrunda mübarizə aparacaqlar.
Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.
Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər, qeydiyyat prosesi barədə ətraflı məlumat “Gəncə Marafonu–2017”nin rəsmi feysbuk səhifəsi – facebook.com/ganjamarathon və www.ganja.marathon.az saytında təqdim olunur.
Qeyd edək ki, “Gəncə Marafonu-2017” ilə əlaqədar məlumat mərkəzi də fəaliyyət göstərir. Marafon iştirakçıları və tədbirlə maraqlananlar (012) 310 13 31 nömrəsi ilə əlaqə saxlayaraq, suallarını ünvanlaya bilərlər.