2017-ci ilin MDB mədəniyyət paytaxtı Gəncədə şəhər İcra Hakimiyyyətinin, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin təşkilatşılığı ilə onlayn turizim və bələdçilik xidməti “Bələdçiyəm mən” layihəsinin və Azərbaycanda ilk olacaq platformanın- myguide.az portalının açılış mərasimi olub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il 1-ci Qrant müsabiqəsini qalibi olub və QHT Şurasının maliyyə dəstəyi ilə təşkil edilir.

Layihə çərçivəsində şəhər Gənclər Evində keçirilən təlimlər 19-22 avqust tarixlərini əhatə edir və təlimlərə respublikanın turizim bölgələri olan Gəncə, Şəki, Lənkəran və İsmayıllı şəhərlərindən 14 nəfər gənc cəlb olunub.

Layihənin əsas məqsədi regionda yaşayan gəncləri bələdçilik işi ilə tanış edərək, onlara bu sahədə bilik və bacarıqlarını artırmaq, o cümlədən onların məşğulluğunu təmin etməkdir. Həmçinin yerli və əcnəbi turistlər üçün əlverişli sayt və sosial şəbəkələr yaradaraq onların Azərbaycanın bölgələrində bələdçi xidmətindən rahat və sərfəli seçim üçün lazımi şəraitin təşkil etməkdir.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov təlim iştirakçılarını salamlayaraq “Bələdçiyəm Mən” onlayn turizim və bələdçi xidməti layihəsi əsasən ölkənin paytaxtdan kənar turizm bölgələrini əhatə edəcəyini bildirib. Müşviq Cəfərov qeyd edib ki, layihədə şəhər, rayon və kəndlərdə yaşayan gənclər bələdçilik bacarıqlarına yiyələnərək öz yaşadıqları ərazidə məşğulluqlarını təmin etmiş olacaqdır.

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri və layihə koordinatoru Təbriz Rzayev bildirib ki, layihə əsasən yerli və xaricdən gələn turistlər üçün əlverişli imkanlar yaradacaq, bölgələrə səfər edən qonaqlar onlayn vasitəsilə özlərinə bələdçi seçə biləcəklər. Layihə koordinatoru qeyd edib ki, www.myguide.az internet portalı vasitəsilə bələdçi xidməti göstərən şəxslər Azərbaycanın istənilən bölgəsindən portalda qeydiyyatdan keçib, özləri haqqında məlumatı, əlaqə nömrələrini yerləşdirmək imkanı əldə edəcəklər. 

Gəncə şəhər Gənclər Evinin müdiri Amil Qurbanov təlim iştirakçılarına yaradılan şəraitdən danışıb.

www.myguide.az portalının qurucusu Elvin Əliyev tədbir iştirakçılarına sayt haqqında ətraflı məlumat verib. Elvin Əliyev saytdan qeydiyyatdan keçməyin qaydasını izah edib. Bildirilib ki, internet portalında bələdçi xidmətindən istifadə edən turistlər bələdçiləri qiymətləndirə, o cümlədən onlar haqqında rəy yazmaq imkanı əldə edəcəklər. Portalda həmçinin şirkətlərin təklif edəcəyi turlar haqqında məlumatlar o cümlədələr bələdçilərin təklif edəcəyi fərdi turlarda yer alacaq.

Təlimlər turizm və bələdçilik sahəsində 12 illik təcrübəsi olan Fariz Hüseynov tərəfindən keçirilir.