Müasir dövrdə miniatür kitablar mədəniyyət nümunəsi kimi dəyərləndirilir və cəmiyyətdə maraqla qarşılanır.

Həcmcə kiçik olsalar da, böyük dəyərə malik miniatür kitablar xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir.

Miniatür Kitab Muzeyinin Gəncə filialında ümumilikdə 15 vitrində 29 ölkədə yüksək poliqrafik səviyyədə nəşr edilən müxtəlif mövzularda 1.018 nüsxə mini kitab nümayiş olunur. Vitrinlərdə rus, türk, ingilis, alman, ərəb, gürcü və digər dillərdə çap olunmuş kitabları görmək mümkündür.

Burada ümummilli lider “Heydər Əliyevin Vətənə, dövlətə sədaqət andı” adlı miniatür kitab, Ulu Öndərin tarixi xidmətlərini, müstəqil Azərbaycan Respublikasının həyatında baş verən mühüm tarixi hadisələri, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini, Azərbaycanın klassik ədəbiyyatını, elm və incəsənətini işıqlandıran miniatür kitablar toplanıb.

Muzeyin Gəncə filialında, həmçinin xarici ölkələrdən olan görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr olunan, dünya ədəbiyyatının nadir incilərini əks etdirən miniatür nəşrlər və rəngli illüstrasiyalı uşaq miniatür kitabları sərgilənir. Muzeydə miniatür dini kitablar, o cümlədən ekspozisiyanın 15-ci vitrinində 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir.

Ekspozisiya zalında ulu öndər Heydər Əliyevin “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir” sözləri yazılan guşədə Azərbaycan və xarici ölkələr, beynəlxalq qurumlar tərəfindən Zərifə Salahovaya təqdim olunan mükafat və təltiflər sərgilənir. Burada, həmçinin Miniatür Kitab Muzeyinin və onun yaradıcısı Zərifə Salahovanın səmərəli fəaliyyətini əks etdirən rəngli fotoşəkillər də yer alıb.