Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 17-də Nizami yurdunda keçiriləcək “Gəncə Marafonu – 2017” layihəsi ilə əlaqədar görüş baş tutub. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının Qərargahında keçirilən görüşdə “Gəncə Marafonu – 2017” – nin maşrut xətti nəzərdən keçirilib, təhkimçilərə qaydalar izah edilib.

Layihənin keçirilməsində əsas məqsəd regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etməkdir.

Görüşdə bildirilib ki, Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

Tədbirdə xüsusi vurğulanıb ki, “Gəncə Marafonu – 2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Görüşdə qeyd olunub ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom”, layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Azərbaycanın qədim tarixə sahib Gəncə – “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacağı deyilən tədbirdə bildirək ki, “Gəncə Marafonu – 2017” ilə əlaqədar məlumat mərkəzi də fəaliyyət göstərəcək. Marafon iştirakçıları və tədbirlə maraqlananlar (012) 310 13 31 nömrəsi ilə əlaqə saxlayaraq, suallarını ünvanlaya bilərlər.

“Gəncə Marafonu–2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyatdan keçmək istəyənlər avqustun 14-dən 16-dək anket dolduraraq və şəxsiyyət vəsiqəsinin sürətini aşağıdakı ünvanlara təqdim etməlidi:

1) “Azercell Telekom”un Gəncə şəhərindəki ofislərində

2)  “Azercell Telekom”un Bakı şəhərindəki ofislərində

3)  Gəncə “ASAN xidmət” mərkəzində

4)   Azərbaycan Dövlət Aqrar Universitetində

5)  Gəncə Dövlət Universitetində

6)  Azərbaycan Dövlət Texnologiya Universitetində

7)  Gəncədəki “Gənclər evi”ndə

Qeyd edək ki, marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər, qeydiyyat prosesi barədə ətraflı məlumat “Gəncə Marafonu–2017”nin rəsmi feysbuk səhifəsi – facebook.com/ganjamarathon və www.ganja.marathon.az  saytında təqdim olunacaq.