Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA Gəncə Bölməsinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının, “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Yerində tarix” adlı eko turun növbəti mərhələsi həyata keçirilib. Bu dəfə ekotur iştirakçıları Gəncə şəhəri ətrafında yerləşən qədim Alban Məbədlərinə səfər ediblər.

Gəncə şəhərinin ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət 100-dən çox ekoturçu səhər saatlarında YAP Gəncə şəhər Təşkilatının qarşısından avtobuslara minib adından da bəlli olduğu kimi Nizami yurdunun tarixini yerində öyrənməyə yola düşüblər.

Ekotur ilk olaraq qədim Alban Məbədlərinə ziyarətlə başlayıb. Uzanan yaşıl çəmənlik, dolama dağ yolları, sərt döngələrlə irəliləyən gənclərin şən qəhqəhələri, nəğmə səsləri ətrafa yayılıb.

Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə günümüzədək qorunan abidələr haqqında ekotur iştirakçılarına  ətraflı məlumat verib.

Gənclər tarixi tikilinin ətrafında təmizlik işləri aparıb, ərazini alaq otlarından təmizləyiblər.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, professor Akif Süleymanov  ekotur iştirakçıları ilə səmimi söhbət aparıb, onların dünyagörüşünün, bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyələrini veriblər. Bildirilib ki, ekotur ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin yaxından öyrənilməsində, nəzəri biliklərinin daha da zənginləşdirilməsində, onlar arasında sıx əlaqə və səmimi münasibətlərin yaranmasında mühüm əhəmiyyət daşıyır.

Layihə çərçivəsində Vüsal Qasımov tərəfindən “Bədən dili” adlı təlimə qatılan gənclər geniş müzakirələr aparıblar.

Gənclər açıq havada mədəni-kütləvi idman proqramları təşkil edib, müxtəlif intellektual yarışlar keçirib, birlikdə əylənib, maraqlı anlar yaşayıblar.