“Indiegogo” (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında yeni qurğunun – “Modius” adlı qulaqlıqların istehsalı üçün vəsait toplanılmasına başlanılıb. Bu qulaqlıqlar beyinə iştahanı boğan siqnalları yollayır, həmçinin piyi yandırmağa imkan verən metabolik hormonları aktivləşdirir.

Yeni qurğunun bədəndəki piyləri 16 faiz azaldacağı gözlənilir. Bu, pəhriz və məşqlərdən imtina etməyə imkan verəcək. Qurğudan dörd ay ərzində hər gün 45 dəqiqə istifadə etmək lazımdır. Cihaz aktivləşdirildikdən bir saat sonra iştahanın azaldığını hiss etmək olar.

yenigence.com belta.by saytına istinadla xəbər verir ki, qurğu Kaliforniya Universitetində fəaliyyət göstərən britaniyalı nevroloqların “Neurovalens” şirkəti tərəfindən 4 ay ərzində sınaqdan keçirilib. Nevroloqlar təsdiq ediblər ki, piy toxumasının həcminin azalması orta hesabla 8 faiz təşkil edir. Məhsul artıq tənbəl müştərilər və investorlardan təxminən 1,5 milyon funt toplayıb. Qulaqlıqların ilk seriyasının cari ilin payızında satışa çıxarılacağı gözlənilir. Qurğunun qiyməti təxminən 300 dollar təşkil edəcək.

Qeyd edək ki, bir çox alimlər istehsalçıların “beyini aldatmaq” ideyasını dəstəkləmirlər. Hələlik oxşar qurğular gözlənilən nəticələri verməyib.