Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr Yevlax rayonunda da müzakirə edilib.

Fermerlərin, kənd inzibati ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin və aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi toplantıda Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bu il rayonda baramaçılıq, pambıqçılıq və fındıqçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 2017-ci ildə 2168 hektar sahədə pambıq əkilib. Bu sahənin inkişafına göstərilən diqqətdən ruhlanan fermerlər gələcəkdə pambıq əkinlərini daha da artırmağı düşünürlər.

Diqqətə çatdırılıb ki, ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə 2016-cı ildə rayonda 92 min ədəd çəkil tingi əkilib. Bu il rayonda 5590 kiloqram barama istehsal edilib. Gələn il isə barama istehsalının 13 min 500 kiloqrama çatdırılması nəzərdə tutulur. Yevlax rayonunda bu il, həmçinin 19 hektar sahədə fındıq bağı da salınıb.

Müşavirədə rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib, bununla bağlı fermerlərin təklifləri dinlənilib.