Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən bildiriblər ki, iyulun 17-dən başlayan bu proses transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Bu günədək 600 tələbə orta ixtisas, 2 min 200 tələbə isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən birgə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi prosesi avqustun 15-dək davam edəcək.