Gəncədə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc bloggerlər Məktəbi” layihəsinin açılışı olub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber” saytının direktoru Əfzələddin Ağalarov, politoloq Əhməd Şahidov, internet mediada dəsti-xətti ilə seçilən Azər Niftiyev və gənclər iştirak ediblər.
“Gənc bloggerlər Məktəbi” layihəsinin keçirilməsində məqsəd Gəncə şəhərində gənclərdən ibarət internet mediaya yaxından yiyələn, internet mediya ilə bağlı bilikləri yüksək olan və internet medianın imkanlarından milli maraqlar naminə istifadəyə hazır olan gənclər qruplarının yaradılmasıdır.
Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O, qeyd edib ki, gənclər onlara yaradılan şəraitdən yararlanaraq dövlətimizə və dövlətçiliyimizə öz sadiqliyini nümayiş etdirməli, hər sahədə olduğu kimi, virtual aləmdə, sosial şəbəkələrdə, informasiya sahəsində də fəallıq göstərməli, dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də Azərbaycanın üzləşdiyi problemlər haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etməlidirlər.
Müasir dövrdə internet medianın ən kütləvi təsir vasitəsi olduğunu bildirən şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov bu cür layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber” saytının direktoru Əfzələddin Ağalarov, politoloq Əhməd Şahidov, Azər Niftiyev çıxış edərək, internetin açdığı imkanlar, bloqçuluq fəaliyyəti, əhəmiyyəti, informasiya savaşındakı rolu haqqında fikirlərini bildirib, təlimlərin Gəncədə blogger fəaliyyəti ilə məşğul olmaq istəyənlərə gənclərə müəyyən təkan verəcəyini qeyd ediblər.
Təlimlərə start verilib. Gənclərə bloqların yaradılması, internetdə təhlükəsizliyi təmin edən proqramlardan istifadə qaydaları haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb.