“Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilən “Yanar qəlb…” kitabı milli oftalmologiyamızın görkəmli nümayəndəsi, dünya şöhrətli oftalmoloq, akdemik Zərifə xanım Əliyevanın nəsillərə örnək olan ömür yolundan bəhs edir.

Professor Fatma Abdullazadənin layihəsi əsasında tədqiqatçı jurnalist, qeyri-hökumət təşkilatı rəhbəri R.Bahar Sonamın ərsəyə gətirdiyi bu zəngin bədii-sənədli, illüstrativ topluda istedadlı alim, təcrübəli həkim, gözəl insan, qayğıkeş ana, vəfalı həyat yoldaşı Zərifə xanım Əliyevanın yüksək ideallardan qaynaqlanan əməlləri, zəngin fəaliyyəti ilə bağlı qiymətli sənədlər, dəyərli mülahizələr və lirik-fəlsəfi mənalandırmalar bir-birini tamamlayır, çağdaş nəsillərin təsəvvüründə unudulmaz soydaşımızın bitkin obrazını canlandırır. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, professor Nadir Məmmədlidir.

“Yanar qəlb…” kitab-alboma xalqımıza zəngin və dəyərli elmi-mənəvi irs qoyub getmiş ölməz təbibin həyatına və xatirəsinə işıq salan fotoşəkillər əlavə olunub, nəfis poliqrafik tərtibat verilib.