Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta  Nizami yurduna səfər edib.Səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüş zamanı Elmar Vəliyev səfiri salamlayaraq, 4 min  illik qədim və zəngin tarixə malik olan Gəncənin sosial-iqtisadi və mədəni inkişafı, sənaye potensialı, beynəlxalq əlaqələrinin genişləndirilməsi, möhkəmləndirilməsi, inkişaf və tərəqqi ilə bağlı yeni istiqamətlərin müəyyənləşdirilməsi haqqında ətraflı məlumat verib.  İcra başçısı Amerika Birləşmiş Ştatlarının  dəstəyi ilə Gəncədə  inşa edilən futbol meydançalarına və gələcək əməkdaşlığa görə təşəkkür edib.

Görüşdən əvvəl dünyaşöhrətli  Nizami Gəncəvinin Məqbərəsi və Muzeyini ziyarət edən  ABŞ səfiri Robert Sekuta səmimi qarşılanmaya görə təşəkkür edib, ölkənin ikinci böyük şəhərinə səfərinin məqsədindən danışıb.  Bildirib ki,  şəhərin mərkəzi kitabxanasınada “Amerika güşəsi”nin yenidən açılış tədbirində və Amerika Birləşmiş Ştatların beynəlxalq inkişaf agentliyi tərəfindən Gəncədə həyata keçirilən yardım proqramları ilə bağlı ətraflı fikir mübadiləsinin aparılmasında  iştirak edəcək. Səfir onu da bildirib ki, kitabxanada yaradılan “Amerika guşə”si azərbaycanlılara Amerika ilə təmas qurmaq, vacib bacarıqlar əldə etmək və dil öyrənmək baxımından əhəmiyyətli bir məkandır.

Robert Sekuta Gəncə şəhərində məcburi köçkünlərə yaradılan  şəraitlə maraqlanıb, Gəncə şəhərinə səfərlərin zamanı onlarla bir neçə dəfə görüşdüyünü bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncədə məcburi köçkünlər üçün iki qəsəbə salınıb. Birinci qəsəbəyə 1600-ə yaxın ailə , ikinci qəsəbəyə isə 700 ailə köçürülüb. Dövlət tərəfindən onlar üçün bütün lazımi şərait yaradılıb. Onlar daima dövlətin dəstək və qayğısı ilə əhatə olunurlar.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.