Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi keçirilib. Tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbirdə üzv təşkilatların səsverməsi nəticəsində “Gəncə Avropa Gənclər Paytaxtı 2016″ İctimai Birliyi tamhüquqlu üzv seçilib.

Qeyd edək ki, “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası”,”Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyi, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi,”Azərbaycan-Slavyan Gənclər Assosiasiyası” İctimai Birliyi, “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi, “Bakı Beynəlxalq” Tələbə Klubu, “Gəncliyə Dəstək” İctimai Birliyi, “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi  də səsvermə nəticəsində tamhüquqlu üzv seçilib.

Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası 124 gənclər təşkilatı və minlərlə gənci özündə birləşdirir. Milli Şura ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.