Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və fəal oxucuları “N” saylı hərbi hissədə Vətənin keşiyində ayıq-sayıq dayanan zabit və əsgər heyətinin qonağı olub, hazırladıqları “Qurtuluşun zəfər günü” adlı musiqili ədəbi-bədii gecəni onlara təqdim ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər. Sonra onlar kitab sərgisi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqil Azərbaycan Respublikasının qurtuluş tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından danışılıb, ulu öndərin uzaqgörən siyasəti nəticəsində bu gün mötəbər kürsülərdə söz sahibi olan dövlətimizin inkişaf tarixinə nəzər salınıb. “N” saylı hərbi hissə xalq çalğı alətləri ansamblının solisti Elnur Abbasov, ansamblın bədii rəhbəri, saz ifaçısı Ramiz Əliyev və Ceyhun Həsənov vətənpərvərlik ruhunda musiqilər ifa ediblər.

Fəal oxuculardan Nurgün və Aydan Əliyeva bacılarının, Səma  və Nərmin Şəldiyeva bacılarının, Nərgiz Səfərovanın ifa etdikləri ulu öndər Heydər Əliyevə, Vətənə həsr edilmiş şeirlər alqışlarla qarşılanıb.

Əsgər İsmayıl Hüseynovun  səsləndirdiyi vətənpərvərlik mövzusunda şeirlər tədbirə xüsisi ahəng qatıb.