Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi “Genderəsaslı zorakılıq qurbanlarına hüquqi və psixoloji yardım göstərən Gəncə Yardım Mərkəzinin yaradılması” layihəsinin icrasını Daşkəsəndə davam etdirib.
Layihənin əsas məqsədi genderəsaslı zorakılıqla mübarizə aparan və onun aradan qalxmasına dəstək vermək üçün hərtərəfli təcrübəyə əsaslanan, reabilitasiya və hüquqi yardım işini həyata keçirən Yardım Mərkəzini yaratmaqdır. Mərkəz öz fəaliyyətini Gəncə-Qazax iqtisadi rayonlarında reallaşdırmasını nəzərdə tutub.
İctimai Birlik Daşkəsən rayon Heydər Əliyev Mərkəzində əvvəlcə məlumatlandırma sessiyası, sonra ailə qurmağa hazırlaşan cütlüklərlə və gənclərlə görüş keçirib. Görüşlərdə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Gender Zorakılığı və Uşaqlara qarşı Zorakılıq üzrə Monitorinq Qrupunun üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon Qeydiyyat şöbəsinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri Türkan Əlizadə iştirakçılara ölkəmizdə mövzu ilə bağlı mövcud qanunvericilik haqqında məlumat verərək genderəsaslı zorakılıq hadisələri, onun qarşısının alınması yollarından, sözügedən layihə və onun məqsədləri, yaradılan Yardım Mərkəzi haqqında geniş söhbət açıb.

Tədbirdə çıxış edənlər bildiriblər ki, genderəsaslı zorakılıq nəinki ayrı-ayrı ailələrə, bütövlükdə cəmiyyətə ağır zərər vurmaqla yanaşı, qadın və kişilər arasında  qeyri-bərabərliklərə zəmin yaradır. Sivil adlandırdığımız dünyada zorakılığın gündəlik məişət tərzinə çevrilməsi meyilləri haqlı olaraq həyəcan təbili çalmağa əsas verir və bu heç bir halda qəbul olunmazdır. Problemin həllində əsasən maarifləndirmənin gücündən istifadə edilməsi təqdirəlayiqdir.

İştirakçılar Gəncə Yardım Mərkəzinin gələcək fəaliyyətinə uğurlar arzulayıb, genderəsaslı zorakılıqların qarşısının alınmasında Gəncə Yardım Mərkəzinin də müəyyən dərəcədə rol oynayacağına əminliklərini vurğulayıblar.