Gəncəli basketbolcu,  IV İslam Həmrəyliyi oyunlarının qızıl mükafatçısı Amil Həmzəyev yenidən legioner həyatı yaşamaqda maraqlıdır. Ölkə xaricində çıxış edən azsaylı basketbolçulardan olan Amil Həmzəyev çoxlu dəvətlər alıb.

Ötən il karyerasında yeni səhifə açaraq ilk dəfə xaricdə oynamaq imkanı əldə edən Amil Həmzəyev son mövsümü Ukraynada keçirib. “Kremen” klubu ilə müqavilə bağlayaraq bir il bu komandanın şərəfini qoruyan mərkəz oyunçusu artıq sərbəst agentə çevrilib. Ukraynalılar Həmzəyevi yenidən sərəncamında görmək istəsələr də, o, daha iddialı klublarda oynamaq fikrindədir. İslamiadanın qızıl mükafatçısı bir sıra ölkələrdən cəlbedici təkliflər alıb və götür-qoy etdikdən sonra bu dəvətlərdən birinə razılıq verəcək.

Amil Həmzəyev bildirib ki, böyük ehtimalla legioner karyeramı davam etdirəcəm. İslam Həmrəyliyi Oyunlarındakı qələbəmiz təkliflərin artmasına səbəb olub. Polşa, Ukrayna, Gürcüstan və bir sıra digər ölkələrdən təkliflər almışam. Xaricə səfər edib menecerimlə görüşüb və millimizin məşqçisi ilə də məsləhətləşib qərar verəcəyik. Tezliklə hansı klubda çıxış edəcəyim dəqiqləşəcək.

Qeyd edək ki, Ukraynada keçirdiyi mövsüm Amilin böyük təcrübə toplamasına, tanınmasına şərait yaradıb. “Kremen”in ilk əcnəbi basketbolçusu olan Həmzəyev dəfələrlə komandasının ən məhsuldar oyunçusu kimi fərqlənib. Həftənin simvolik komandasına düşüb, “Ulduzların oyunu”nda iştirak edib.

16 yaşından müxtəlif yaş qrupları üzrə yığma komandalara dəvət alan Amil Həmzəyev əsas millinin aparıcı üzvlərindən sayılır. O, fəaliyyətini dayandırmış “Gəncə” klubunun heyətində vaxtilə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb.