Gəncə Dövlət Universitetində yeni yaradılan İnnovasiyalar Mərkəzi elm və təhsildəki yeni ideyaları dəstəkləyəcək. Universitetin əsas binasında fəaliyyətə başlayacaq İnnovasiya Mərkəzində müasir şərait yaradılıb, şöbələr zəruri inventarla və informasiya kommunikasiya texnologiyaları ilə təmin edilib. Mərkəzdə fəaliyyət göstərən kadrlar da müəyyənləşib. Mərkəzin əməkdaşları ABŞ-da, İtaliyada, Yunanıstanda, eləcə də digər Avropa ölkələrində təhsil alan gənclərdən formalaşdırılıb.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən yenigence.com-a bildirilib ki, İnnovasiyalar Mərkəzinin yaradılmasında əsas məqsəd dünyada mövcud olan müxtəlif innovasiyaları mənimsəmək, onları universitetə gətirmək, təşəbbüsləri müxtəlif istiqamətlər üzrə tətbiq və inkişaf etdirmək, həmçinin sənaye sahələrinə tarnsfer etməkdən ibarətdir.

İnnovasiya Mərkəzinin fəaliyyətə başlaması ilə universitet ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, həm də biliklərə əsaslanan məhsul istehsalçısına çevriləcək.

Mərkəzdə 8 şöbə və 1 laboratoriya elm-təhsil araşdırmaları ilə məşğul olacaq. İnnovasiyalar Mərkəzindəki İKT, xarici əlaqələr, nəşriyyat şöbələri, informasiya və kompüter xidməti laboratoriyası funksional təyinatı üzrə universitetdə aparılana elmi araşdırma işlərinə öz töhfəsini verəcək.