Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus el sənətləri olub. Onlardan biri- keramika sənətkarlığının tarixi çox qədim dövrə gedib çıxır. XVI-XVII əsrlərdə keramika özünün yeni və maraqlı inkişaf mərhələsini yaşayıb.  Lakin, insanların yeni texnologiyalara meyil etdiyi bir dövrdə milli rəmzlərimizi yaşatmaq niyyəti ilə yaradan sənətkarlar arasında öz sənətini qoruyub-saxlayan və gələcək nəsillərə ötürmək istəyənlərin  sayı azalıb. Belə sənətkarlardan biri də  Gəncədə yaşayıb-yaradan keramika sənətinin sirlərini mənimsəyən Nağı Nağıyevdir. O, milli üslübda boşqab, kuzə və müxtəlif təyinatlı süfrə qabları üzərində xüsusi bacarıqla dünyaşöhrətli Nizami Gəncəvinin “Xəmsə”sindən müxtəlif obrazları canlandırır.

Nağı Nağıyev 1971-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb, bir çox ölkələrdə keçirilən sərgilərdə iştirak edib, yaratdığı sənət əsərləri  mükafatlara layiq görülüb.

Nağı Nağıyevin əl işləri “İçərişəhərdə”, “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb. Onun zərif, incə naxışlarla bəzədilmiş əl işləri turistlər tərəfindən böyük maraqla qarşılanır.